Moskva Ticarət Mərkəzi (əvvəllər Moskva Univermağı adı ilə tanınırdı), paytaxt Bakımızın ən qədim ticarət mərkəzlərindən biridir. 1978-ci ildə açılan bu ticarət mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün sevimli bir məkana çevrildi. Bu böyük univermağın şöbələrində çoxsaylı alıcıların tələbatlarını ödəməyə qadir olan müxtəlif çeşiddə məhsullar: qadın və kişi geyimləri, uşaq paltarları, ayaqqabılar, ətriyyat, xırdavat malları və s. təqdim edilirdi.
Artıq bir neçə onilliklərdir bu yer hər kəsin sevimli şopinq məkanıdır. Mərkəzə daxil olan hər kəs özünü sanki nağıllar aləmində hiss edir. Rəflərdə təqdim olunan ləl-cəvahirat yüksək zövqdən xəbər verir. Qiymətli metallar, par-par yanan daş-qaşlar göz qamaşdırır.
Bu gün Moskva Ticarət Mərkəzi hər zövqə uyğun, peşəkar mütəxəssislərin işləyib hazırladıqları ən keyfiyyətli zinət əşyaları təqdim edir.
Monumental çoxmərtəbəli bina olan Moskva Ticarət Mərkəzi Bakının şimal hissəsində, əhalinin sıx yerləşdiyi bir neçə mikrorayonun qovşağında yerləşir. Mərkəzə çatmaq çətin deyil - Memar Əcəmi metro stansiyası yaxınlıqdadır və yaxınlıqda bir neçə avtobus marşrutunun keçdiyi əsas yollar birləşir.